Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının tarixi inkişaf mərhələləri
“İctimai sağlamlıq və səhiyyənin təşkili” kafedrası rəsmi olaraq 1926-cı ilin yanvarından Bakı Dövlət Universitetinin Tibb fakültəsinin nəzdində fəaliyyətə başlamışdır. Kafedrada ilk dərs 19 yanvar 1926-cı ildə keçirilmişdir. Kafedranın yaradıcısı və ilk müdiri Krım universitetinin görkəmli professoru Ömər Əliyeviç Bayraşevski olmuşdur. Ö.Ə.Bayraşevskinin dövründə kafedra formalaşmış, tədris və əyani vəsaitlərlə, avadanlıqlarla təmin olunmuş, xüsusi kitabxananın əsası qoyulmuşdur. 1932-ci ildə prof. Ö.Ə.Bayraşevskiyə Dağıstan Tibb İnstitutunu yaratmaq tapşırıldığına görə o, Bakını tərk etmidir.
1932-ci ildən bu sahədə ilk milli kadr olan, Kiyev universitetinin yetirməsi Əlibəy Qulubəy oğlu Əlibəyov kafedra müdiri seçilir və o, ömrünün sonunadək bu vəzifədə çalışır.1932-1933-cü tədris ilindən kafedrada Azərbaycan dilində də mühazirələr oxunmağa başlandı. 10 iyul 1932-ci ildə Sosial gigiyena kafedrasından müstəqil olaraq “Sosialist səhiyyəsinin əsasları və tibb tarixi”, “Tərbiyə gigiyenası” və “Əmək gigiyenası” kafedraları ayrılmışdır. 1941-ci ilin mayında kafedranın adı dəyişdirilərək “Səhiyyənin təşkili” olmuşdur.
Professor Ə.Q.Əlibəyovun vəfatından (1964) sonra kafedranın müdiri İosif İsayeviç Fel təyin olunur. O, ömrünün sonunadək (1983) bu vəzifədə çalışmışdır. Bu dövrdə kafedra səhiyyənin təşkilat-metodik mərkəzi kimi daha da genişləndirmiş, bir sıra dərs vəsaitləri çap olunmuşdur. Kafedra əməkdaşları tərəfindən körpə ölümünün aspektləri, respublikanın ayrı-ayrı müəssisələrində xəstələnmə, Bakı şəhərində hipertoniya xəstəliyinin yayılması öyrənilmişdir. Bu illərdə kafedrada yeni fənn kimi “Tibb tarixi” kursu tədris olunmağa başlamışdır. 60-cı illərdən kafedranın tərkibində “Əməyin elmi təşkili” adlı laboratoriya fəaliyyət göstərirdi. 1966-cı ildə kafedranın adı yenidən dəyişdirilərək “Sosial gigiyena və səhiyyənin təşkili” olmuşdur. Bu dövrdən başlayaraq kafedrada tədris-metodik işlərin yeni dərs proqramına uyğun olaraq yenilənməsi və təkmilləşdirilməsi həyata keçirilmişdir. 1976/77-ci tədris ilindən Sosial gigiyena və səhiyyənin təşkili kafedrasında “Sovet hüquqü” fənni də tədris olunmağa başladı.
1983-cü ildə prof. İ.İ.Felin vəfatı ilə əlaqədar kafedranın müdiri vəzifəsinə dosent Əli Əhməd oğlu Əhmədov təyin edilmişdir. O, elmi araşdırmalarını respublikada doğumun dinamikasına, doğum ilə körpə ölümü arasında əlaqənin öyrənilməsi probleminə həsr etmişdi. 80-ci illərdə respublikada alkoqolizmin səbəbləri və onun yayılması, neonatal ölüm, əhaliyə cərrahi yardımın təşkili və həkim-cərrahların hazırlanma sistemi öyrənilmişdir.
1989-cu ildə kafedra müdiri dosent Əzəm Təyyar oğlu Ağayev seçilmişdir. Ə.Ağayev 1985-1993-cü illərdə ATU-nun tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Böyük elmi potensiala malik olan Ə.Ağayevin kafedraya rəhbərlik etdiyi dövrdə yeni tədris-metodik vəsaitlərin tətbiqinə xüsusi diqqət yetirilmişdir. O,1994-cü ildə vəfat etmişdir.
1994-cü ildə kafedra müdiri vəzifəsinə dosent Mirhəşim Seyidağa oğlu Cabbarov seçilmişdir. Onun rəhbərliyi ilə kafedrada “Yeni iqtisadi-sosial şəraitdə Azərbaycan Respublikasında kənd əhalisinə tibbi xidmətin əsasları” mövzusunda elmi-tədqiqat işi yerinə yetirilmişdir.
2002-ci ildə assistent Azad Firudin oğlu Əliyev bu vəzifəyə təyin olunmuş, onun rəhbərliyi dövründə elmi-tədqiqat işləri təbabətin aktual problemlərindən hesab olunan vaxtından əvvəl ölümün qarşısının alınmasında cəmiyyətin tibbi-təşkilati və sosial-iqtisadi ehtiyatlarına həsr olunmuşdur.
2005-2023-cü illərdə kafedraya professor Rafiq Ənvər oğlu Çobanov rəhbərlik etmişdir. Prof. R.Ə.Çobanovun rəhbərliyi dövründə azərbaycan dilində dərslik və dərs vəsaitlərinin hazırlanmasına xüsusi önəm verilmiş, “İctimai sağlamlıq və səhiyyənin təşkili” və “Tibb tarixi” fənləri üzrə müasir tələblərə cavab verən dərsliklər çap olunmuşdur. Bu illər ərzində kafedranın tədris-metodik vəsaitlərinin, tədris proqramlarının yenilənməsi sahəsində məqsədyönlü işlər görülmüşdür. 2010-cu ildən kafedranın adı “İctimai sağlamlıq və səhiyyənin təşkili” adlandırılmışdır. Kafedranın bir çox əməkdaşları kafedrada yerinə yetirilən elmi tədqiqat işi ilə yanaşı, ictimai sağlamlığın digər sahələrində də təqiqatlar aparmışlar. R.Çobanovun rəhbərliyi altında kafedrada 7 tibb üzrə fəlsəfə doktoru, 2 tibb elmləri doktoru dissertasiya işi müdafiə olunmuşdur.
Kafedraya 2023-cü ildən tibb elmləri doktoru, dosent Yaqut Hacı Əi qızı Hacıyeva rəhbərlik edir. Hal-hazırda kafedranın fəaliyyətinin əsas hədəfləri tədris edilən fənlər üzrə tədris-metodiki işin yüksək elmi səviyyədə təşkili və aparılması; kafedranın profili və elmi proqramlar üzrə elmi tədqiqatların həyata keçirilməsi; müasir tələblərə cavab verən elmi-pedaqoji və elmi kadrların hazırlanması, beynəlxalq əlaqələrin inkişafıdır.
2020-ci idən kafedrada “Səhiyyə menecmenti” ixtisası üzrə, 2025-ci ildən Azərbaycanda ilk dəfə olaraq “Tətbiqi ictimai səhiyyə” ixtisası üzrə magistratura təhsili aparılır.
Hal-hazırda kafedrada bütün fakultələr üzrə bakalavriat, həmçinin rezidentura, “Səhiyyə menecmenti və Tətbiqi ictimai” səhiyyə ixtisası üzrə magistratura, eləcə də üzrə doktorantura təhsili aparılır. 2024-cü ildən kafedrada “İctimai sağlamlıq” adlı jurnal işıq üzü görmüşdür. Jurnalda tibbin müxtəlif sahələrinə həsr olunmuş, həm yerli, həm də xarici müəlliflər tərəfindən hazırlanmış məqalələr azərbaycan, rus və ingilis dillərində dərc edilir.